Forum iştirakçıları Ağdamda

post-img

Qonaqlar bölgədəki mina təhlükəsini müzakirə ediblər

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib.

Əvvəlcə qonaqlar 30 illik işğal zamanı Ermənistan ordusunun rayon ərazisində basdırdığı minaların, kustar üsulla hazırlanmış partlayıcı qurğuların və partlamamış hərbi sursatların sərgisi ilə tanış olublar. Minatəmizləmə əməliyyatı haqqında qısa film nümayiş etdirilib.

Ağdam Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxışı zamanı diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri aparılır, yeni və müasir şəhərlər tikilir.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, işğalçı qüvvələr bu şəhərdə bir dənə belə bina saxlamayıblar: “Müharibədən sonra minaların partlaması nəticəsində mədəni obyektlərin bərpası çətinləşib”.

Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin Azərbaycanın çox qədim tarixə malik olduğunu söyləyib. Onun sözlərinə görə, qonşu dövlətin digər ölkənin mədəni irsinə bu qədər qəddarcasına yanaşması çox anlaşılmazdır.

BMT-nin İnkişaf Proqramında mütəxəssisi Qadim Tariq belə konfransların beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin də bu problemlə üzləşdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə rəisi Ramil Əzizov Qarabağ və Şərqi Zəngəzurda 248 min hek-
tar ərazinin minalarla yüksək səviyyədə çirkləndirildiyini, 780 min hektar ərazinin isə orta və aşağı səviyyədə minalanmış hesab olunduğunu bildirib. “Ümumilikdə, işğaldan azad olunmuş ərazilərə 1,5 milyona yaxın mina yerləşdirilib", – deyə İdarə rəisi əlavə edib.

XQ

 

Son xəbərlər