Milli Məclisin Sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin Sədri Andrija Mandiçilə görüşüb. Əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib. Milli Məclisin Sədrini səmimiyyətlə salamlayan Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Həmçinin ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.
A.Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
S.Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib. O, Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xatırladaraq deyib ki, hazırda Azərbaycanın təşəbbüsü ilə ölkəmizin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.
S.Qafarova təəssüflə bəzi dövlətlərin, ilk növbədə, Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib. Spiker diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlarda Azərbaycanın yeni müharibəyə hazırlaşması yönündə uydurma, həqiqətdən uzaq iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, anti-Azərbaycan siyasəti həyata keçirir.
Aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq, yalan və saxta məlumatlar üzərində qurulmuş qətnamə qəbul etdiyini xatırladan S.Qafarova deyib ki, AP-nin bu addımı ölkəmizə qarşı qərəzli siyasi aksiyadır.
Monteneqro Parlamentinin sədri Andrija Mandiç isə deyib ki, onun ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O, imzalanacaq sülh sazişinin regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdən sonra iki ölkənin spikeri Monteneqro parlamentində yaradılan “Barbara Prammer Demokratiya Emalatxanası”nda da iştirak ediblər.
Ə.BƏDƏLOV
XQ