Maliyyə naziri Samir Şərifov Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun Yaz Toplantısı çərçivəsində təşkil olunmuş “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” mövzusunda tədbirdə iştirak edib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Antonella Bassaninin sədrliyi ilə keçən görüşdə Dünya Bankının, Avropa Komissiyasının və ABŞ Dövlət Departamentinin nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin, eləcə də Türkiyənin hökumət nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanı təmsil edən Samir Şərifov Azərbaycanın Orta Dəhlizin mühüm tərəfdaşlarından biri olduğunu vurğulayaraq son illərdə ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı, ticarət və logistika potensialının genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb. Nazir bildirib ki, Dünya Bankının təqdimatında da qeyd olunduğu kimi, Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də ölkədə nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən digər işləri qeyd edib. Nazir Zəngəzur dəhlizinin də Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcəyini bildirib. Sonda Samir Şərifov Azərbaycanın Orta Dəhlizin fəal və vacib tərəfdaşı olmağa davam edəcəyini qeyd edib.