Azərbaycanın milli aviadaşıyıcısı AZAL aprelin 18-də Bakıdan Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib. Eniş zamanı təyyarə su şırnağı ilə qarşılanıb.
Bakı və Kəraçi arasında uçuşlar həftədə iki dəfə — Bakıdan Kəraçiyə cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Kəraçi AZAL-ın marşrut şəbəkəsində Pakistanın sayca üçüncü şəhəri oldu. Aviaşirkət eyni zamanda Pakistanın paytaxtı İslamabada və bu ölkənin digər böyük şəhəri olan Lahora müntəzəm reyslər yerinə yetirir.
Kəraçi Pakistanın mühüm iqtisadi, tarixi və mədəni mərkəzlərindən biri hesab olunur. Bakı-Kəraçi-Bakı marşrutunun açılması Azərbaycan və Pakistan arasında əlaqələrin daha da möhkəmlənməsinə, biznes və turizm imkanlarının genişlənməsinə töhfə verəcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.