Ermənistanın mina savaşının hədəfi dinc insanlardır

post-img

4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən milli QHT-lər birgə bəyanat verərək beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırıblar.

Bəyanatda bildirilir ki, çağdaş dünyada 60 milyon insan hələ də mina təhlükəsi al­tındadır. Azərbaycan da Ermənistanın mina müharibəsindən əziyyət çəkən məkan ola­raq ölümsaçan vasitələrlə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini 30 il işğal altında saxlamış Ermə­nistan bu ərazilərdə 1,5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla kəs­kin çirkləndirilib. Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən 3 min 429 nəfər azərbaycanlı zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənc­lər, 38 nəfəri isə qadınlardır.

Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş əra­zilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cüm­lədən tələ minalar buna sübutdur. 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbay­canda mina hadisələrindən ölən şəxslərin 77 faizi mülki şəxslərdir. Ötən dövr ərzində 350 nəfər azad edilmiş ərazilərdə minaya düşüb, onlardan 65 nəfər həyatını itirib, 285 nəfər xəsarət alıb. Mina məsələsi bu gün Azərbay­canın ən böyük probleminə çevrilib. 

Çağırış bu sözlərlə bitir: “Biz beynəlxalq ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətində dəstək olmağa çağırırıq. Biz inanırıq ki, gün gələcək ki, Qarabağ və Şərqi Zəngəzur minadan azad bölgə elan olunacaq. Biz dünya ictimaiyyətinə üz tutaraq bu günü yaxınlaşdırmaq üçün Azərbaycana hərtərəfli dəstək olmağa, BMT-nin 18-ci Dayanıqlı İn­kişaf Məqsədi kimi “minasız dünya” məqsə­dinin elan edilməsi üçün ardıcıl fəaliyyətə çağırırıq”.

XQ

Son xəbərlər