Pakistan İslam Respublikasının Milli Gününün 84-cü ildönümü münasibətilə martın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Azərbaycan ilə Pakistan arasındakı çoxşaxəli münasibətlərdən, sıx dostluq əlaqələrindən danışıb. Diplomat bildirib ki, iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil və digər sahələrdə uğurla davam etdirilir.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Pakistanın bundan sonra da davamlı inkişaf edərək güclənəcəyinə əminliyini bildirib. “Biz inanırıq ki, Azərbaycan Qarabağ problemini uğurla həll etdiyi kimi, Pakistan da Kəşmir məsələsini həll edəcək. Ölkələrimiz hər zaman bir-birini dəstəkləyib və bu dəstək bundan sonra davam etdiriləcək”, - deyə Bilal Haye vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın milli bayramı münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələr dostluq prinsiplərinə əsaslanır. Pakistanın Azərbaycan üçün çox mühüm bir ölkə olduğunu deyən nazir əlavə edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri də Pakistan olub. Bununla yanaşı, Pakistan Qarabağ məsələsi ilə bağlı Azərbaycanı beynəlxalq platformalarda hər zaman dəstəkləyir.
Nazirin sözlərinə görə, bu gün hər iki ölkəni möhkəm siyasi tellər bağlayır. Ölkələrimiz arasında əlaqələr hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Pakistan arasında əlaqələrin möhkəm əsasının Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qurulduğunu diqqətə çatdıran V.Mustafayev iki ölkə arasında münasibətlərin hazırda yüksək səviyyədə uğurla davam etdirildiyini deyib.
O bildirib ki, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi ildən-ilə artır. Ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığından, xeyli sayda sənədlərin imzalandığından danışan nazir vurğulayıb: “Azərbaycan xalqı Pakistan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirir. Əminik ki, dostluğumuz, əlaqələrimiz bundan sonra daha da dərinləşəcək və möhkəmlənəcək”.