Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü İsgəndərov Bayram və 1980-ci il təvəllədlü Əmirov Vəli saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Məlumatı DİN mətbuat xidməti verib.
Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ümumilikdə bu ilin ilk rübündə Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə 120 cinayət faktı qeydə alınıb. Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və digər növ narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar olunub.
Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə 3 “Kalaşnikov” avtomatı, 1 “Makarov” tapançası və 3 ədəd “F-1” əl qumbarası da aşkar ediblər.
P.ƏMİRCANOV
XQ