Novruz bayramı ərəfəsində Baş prokurorun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri Şuşa və Xankəndidə yerləşən hissə və bölmələrdə hərbi qulluqçularla görüşərək, bayram tədbirləri keçiriblər.
Hərbçiləri Novruz bayramı münasibəti ilə təbrik edən Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir. Hərbi prokuror həmçinin qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Çıxışlardan sonra hüquqi maarifləndirici mövzularda məruzələr dinlənilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb. Hərbi hissələrə bayram sovqatları, xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda ağaclar əkilib və Novruz tonqalları alovlandırılıb.