Martın 4-də Milli Məclisin inzibati binasında Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmiş 11-ci iclası keçirilib. İclası Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov açaraq qurumun yarandığı gündən türkdilli dövlətlər arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericiliklərin uyğunlaşdırılmasıilə bağlı mühüm işlər gördüyünü qeyd edib.
Sonra TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Osman Mesten (Türkiyə), komissiyanın sədr müavini Abzal Kuspan (Qazaxıstan), komissiyanın üzvləri Cavanşir Feyziyev və Məlahət İbrahimqızı (Azərbaycan), Bibigül Jeksenbay (Qazaxıstan), Nurjigit Ka-dırbekov (Qırğızıstan), Filiz Kılıç (Türkiyə) və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er çıxış edərək TÜRKPA-ya üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi, rəqəmsal texnologiyalar və informasiya təhlükə-sizliyi, süni intellektin tətbiqi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, elmi və texnoloji inkişafda parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra iclasın mövzusuna dair hesabat məruzəsinin layihəsi dinlənilib. Məruzəni komissiyanın sədr müavini Abzal Kuspan təqdim edib. Komissiyanın tövsiyə qərar layihəsini komissiyanın sədri Osman Mesten diqqətə çatdırıb. Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarı TÜRKPA-nın növbəti plenar iclasında baxılmaq üçün təsdiq ediblər.
Sonra “Fərdi məlumatların mühafizəsi haqqında” model qanun layihəsinə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
XQ