Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi-məqsədyönlü siyasətin məntiqi nəticəsidir” mövzusunda toplantı keçirilib. Məclisdə ayrı-ayrı nazirliklərin, şirkətlərin, agentliklərin nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəblilər iştirak ediblər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin ekoloji siyasətini əks etdirən foto-eksponatlarla tanış olub, daha sonra müxtəlif bitkilərdən ibarət sərgiyə baxıblar. “Təbiəti qoruyaq” adlı videoçarxın nümayişindən sonra şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları salamlayıb və bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir.
Bildirilib ki, COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq miqyaslı uğurdur, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır.
“Qlobal iqlim dəyişikliyinin həlli qlobal həmrəylik tələb edir”, “Yaşıl dünya naminə dövləti ilə həmrəy olan vətəndaş cəmiyyəti” mövzusunda çıxışlarda qeyd edilib ki, Azərbaycanda son 30 ildə Qarabağ münaqişəsi ekosistemə çox ciddi zərər vurmuş və ətraf mühit müxtəlif çirklənmələrə məruz qalmışdır.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər və əkmək üçün həmişəyaşıl bitkilər paylanıb. Bayraq meydanında isə ağacəkmə aksiyası keçirilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Naftalan