Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
QƏRAR
№ 3-27/3-7-2/2024
Bakı şəhəri 12 yanvar 2024-cü il
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli KQ-11/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”nda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Prezidentinin “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü iI 31 avqust tarixli 115 nömrəli və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» 2007-ci il 22 may tarixli 583 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 noyabr tarixli 2350 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 889s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli KQ-11/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il “12” yanvar tarixli 3-27/3-7-2/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli KQ-11/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”nda edilmiş dəyişikliklər:
1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.10-cu bəndində “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli KQ-11/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”nın 1.2.2-ci yarımbəndində, 6.1-ci bəndində və 10.2.1-ci yarımbəndində “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Nazirlik tərəfindən” sözü ilə əvəz edilsin.

