Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib.
XQ