Qaradağ rayonunda seçiçi fəallığı

post-img

11-ci Qaradağ-Binəqədi seçki dairəsinin 26, 30 və 31 saylı seçki məntəqələrində səsvermənin gedişini izlədik. Müşahidələrimizə görə, inamla deyə bilərik ki, seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilir və seçicilərin sayında aktivlik müşahidə edilirdi. 

26 saylı seçki məntəqəsinin sədri Təranə Qasımova prosesi belə şərh etdi: 

– Saatın necə keçdiyini hiss etmirik. Seçici fəallığı çox yüksəkdir və bu, əsas verir ki, dayanmadan işləyək. Qarabağ Zəfəri insanların seçkiyə marağına təsir göstərib. Bu gün 26 saylı seçki məntəqəsində 1386 nəfərin səs verməsi nəzərdə tutulub. Günortaya yaxındır, artıq 50 faizə qədər seçici səs verib.  

Müşahidəçi Səidə İbrahimova da söhbətə qoşulur: 

– İlk dəfədir ki, seçkidə müşahidəçiyəm. 26 saylı məntəqədə xüsusilə gənclər səsvermədə fəal iştirak edirlər. Saat 8-dən növbə yaranıb, insanlar səs vermək üçün tələsirlər. 

Yeganə Əzməmmədova, müşahidəçi:

–Müşahidələrimi aparıram, hər şey qaydasındadır. Səsvermə demokratik normalar çərçivəsində keçir. Mən əvvəlki illərdə də müşahidəçi olmuşam. Bu seçkilər insanlara sanki daha çox maraqlı gəlir. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər. 

Seçici Qurban Hüseynov:

– Tam şəffaflıq var. Seçici aktivliyi müşahidə edirəm. İnsanlar bura ruh yüksəkliyi ilə gəlirlər. Belə fəallıq nadir hallarda olur. 

Vüsal Süleymanlı, 30 saylı seçki məntəqəsində seçici:

– Ab-hava yüksəkdir. Yetərincə aktivlik görürəm. Gəlmişik vətəndaşlıq borcumuzu yerinə yetirək. Özüm də layiqli namizədə səs verdim. Bu seçki əvvəlkilərdən fərqli olaraq,  qalib xalqın seçkisidir. İlk dəfədir ki, müstəqil Azərbaycanda Zəfər seçkisi keçirilir.

Gülnarə Hüseynova, seçici:

– Saat 9 radələrində səsimi verdim. Bu müddətdə böyük seçici fəallığı gördüm. Çox ölkələrdə belə təmiz və gözəl seçkilər olmur. Dövlətimiz, xalqımız və gələcəyimiz üçün xeyirli olsun.

Safra Əhmədova, seçici:

– Qeydiyyatda olduğum məntəqədə səsimi verdim. Səsvermə ölkəmizin gələcəyi üçün lazımdır. Biz bu gün seçimimizi düzgün etməliyik ki, ölkəmiz çiçəklənsin, inkişaf etsin. Mən də öz seçimimi etmişəm, ən layiqli namizədə səs vermişəm.

Etibar Məmmədov, 31 saylı seçki məntəqəsinin sədri:

– Əvvəlkilərlə müqayisədə seçki fəallığı çox yüksəkdir. Seçicilər arasında bəziləri də oldu ki, bizim məntəqənin əhatə etdiyi ərazidə pasport qeydiyyatında deyildi. Həmin seçicilər bizdən narazı qalırlar ki, qeydiyyatda olduqları məntəqə uzaqdadır, bu məntəqədə səs vermək onlar üçün rahatdır. Təəssüf ki, belə halda onlara kömək göstərə bilmirik. Məntəqəmiz bütün lazmi ləvazimatlarla təchiz edilib. Səhhətində problemləri olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutuları lazımi ünvanlara göndərilib.

Rizvan FIKRƏTOĞLU

XQ















Son xəbərlər