Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.
Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin mühafizəsi, bərpaolunan enerji mənbələrinə keçid üzrə görülən tədbirləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi və bu sahədəki beynəlxalq öhdəliklərinə verdiyi önəmi qeyd edib.
Ceyhun Bayramov Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsini və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yaranıb. Nazir Avropa İttifaqı və bəzi üzv dövlətlər tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
XQ