Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Anadolu” agentliyinə müsahibəsində 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə açıqlamalar verib. Səfir bildirib ki, Azərbaycandakı növbədənkənar seçkilər ölkə üçün tarixi bir hadisədir.
Diplomat Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərindəki qələbəsini və 2023-cü ilin sentyabr ayında Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinin nəticələrindən danışıb. O, budəfəki seçkilərin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcəyini bildirib: ”Öz yaşadığı ərazilərdən didərgin salınan məcburi köçkünlər artıq işğaldan azad olunmuş torpaqlara geri qayıdırlar. Azərbaycanın müstəqilliyinin tarixində ilk dəfədir ki, seçkilər Azərbaycan ərazilərinin hamısında baş tutacaq.
Səfir deyib ki, növbədənkənar seçkilər Azərbaycan tarixindən bir dövrün qapanmasının və yeni bir mərhələnin açılmasının rəmzidir.
Rəşad Məmmədov sonda Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarını seçkilərə aktiv olaraq iştiraka və səs verməyə çağırıb.