Qazaxıstanda zəlzələ nəticəsində 60-dan çox insan xəsarət alıb

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 23-nə keçən gecə Almatıda baş vermiş güclü zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sırım Şərifxanovu tənqid edib və naziri öz fəaliyyətini tənqidi şəkildə nəzərdən keçirməyə çağırıb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Xəbəri “İnterfaks.ru” verib.

“Hazırkı işi qənaətbəxş adlandırmaq olmaz. Nazir Şərifxanova tapşırmışam. Əgər işinizin həddən artıq olduğunu düşünürsünüzsə, onda deyin, bunda qəbahət yoxdur. Onu elmi-pedaqoji işə qaytaraq. Nazirliyin fəaliyyətinə və ümumiyyətlə, fövqəladə hallar zamanı yaranan məsələlərin həllinə yanaşma baxımından indi bizə əməli iş lazımdır”, - Tokayev Almatıda seysmik təhlükəsizlik üzrə iclasda deyib.

"Vəziyyət çox mürəkkəb və məsuliyyətlidir, bu, ölkəmizin təhlükəsizliyinə birbaşa təsir göstərir. Ona görə də hamımız məsuliyyət, soyuqqanlılıq və fəallıq nümayiş etdirməliyik. Başqa yol yoxdur", - o əlavə edib.

Prezident həmçinin 5 bal gücündə zəlzələdən sağ çıxan Almatı sakinlərinə müraciət edərək onları təşvişə düşməməyə və dezinformasiyaya inanmamağa çağırıb.

Qeyd edək ki, Almatıda baş verən zəlzələ nəticəsində 60-dan çox insan xəsarət alıb. Əsasən insanlar evlərini tez tərk etməyə çalışaraq xəsarət alıblar. Vətəndaşlar həyətlərinə toplaşıb, çoxları şəhəri tərk etməyə çalışıb, yollarda tıxac yaranıb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər