Tanınmış mətbuat tarixçisi dünyasını dəyişib

post-img

BDU-nun jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev həyat və yaradıcılığının məhsuldar dövründə, ömrünün 64-cü ilində dünyasını dəyişib. 

Şamil Vəliyev 1960-cı ilin fevra­lında Qərbi Azərbaycanın Körpülü kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin filologiya fakültəsini bitirib. O, 1989-cu ildə “XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri” mövzusunda namizədlik, 2003-cü ildə isə “Füyuzat” ədəbi məktəbi” mövzu­sunda doktorluq dissertasiyası müda­fiə edib, AMEA Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2005-ci ildən əmək fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirən Şamil Vəliyev jurnalistika fakültəsinin mət­buat tarixi kafedrasının müdiri və pro­fessoru olmuş, 2012-ci ildə fakültənin dekanı seçilmişdir. 

Professor Şamil Vəliyev milli mət­buat tariximizlə bağlı bir sıra araşdırma­ların, "Füyuzat" ədəbi məktəbi, "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895–1917)", "Azərbay­canşünas alim" kitablarının müəllifidir. O, Əməkdar jurnalist fəxri adına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriy­yətinin 100 illiyi (1918–1920)” yubiley medalı ilə təltif edilib.

Filologiya elmləri doktoru, profes­sor Şamil Vəliyevin bioqrafiyası onun yaradıcılıq potensialının və səmərəli fəaliyyətinin güzgüsüdür. O, zəhmət­keş alim və tədqiqatçı, həssas və tələ­bkar müəllim idi. Şamil müəllimin işıqlı xatirəsi həmkarlarının və yetirmələrinin qəlbində yaşayacaq. 

XQ

Son xəbərlər