Praqadakı “Natəvan” Cəmiyyəti Fransa qaragüruhunu pisləyib

post-img

Fransanın https://www.lagazetteaz.fr xəbər portalında Praqada fəaliyyət göstərən “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri, tanınmış şairə Leyla Begimin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Evian-lö Bən şəhərindəki heykəli ilə bağlı Fransa ictimaiyyətinə ünvanlanmış açıq məktubu yayımlanıb. 

Müraciətdə azərbaycanlı şairənin abi­dəsinə qarşı nümayiş etdirilən vandal mü­nasibətin dünyanın müxtəlif ölkələrində yaşayan maarifpərvər və yaradıcı insan­larda çaşqınlıq doğurduğu nəzərə çatdı­rılıb: “Maarifçiliyin prinsiplərinə əsasla­nan insan haqları bəyannaməsinin qəbul olunduğu bir ölkədə – Fransada şairənin abidəsinin sökülməsinə hazırlaşılması xəbəri məni hədsiz dərəcədə məyus etdi. Rodenin vətənində heykəli məhv etmək istəyirlər?”

Yazıda Azərbaycanın xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin həmmüəllifləri olduqları abidənin Evian-lö Bən şəhərindəki “Azərbaycan Parkı”nda 6 il ərzində mövcud olduğu, nəfis sənət əsərinin təkcə multikultural dəyərlərə ma­lik çoxmillətli Azərbaycanı deyil, həm də ümumbəşəri dəyərləri təmsil etdiyi vurğu­lanıb. Daha sonra Azərbaycanda bütün dini məbədlərin və tarixi abidələrin qorun­duğu, görkəmli avropalılara – Volfhanq Amadeo Motsart, Nikola Tesla, Şarl de Qoll və başqalarına heykəllər və barelyef­lər qoyulduğu yada salınıb. 

Müəllif Aleksandr Dümanın heyran­lıqla vəsf etdiyi Xurşidbanı Natəvanın heykəlinin götürülməsi cəhdini mədəniy­yətin dünya üzrə nümayəndələrinə qarşı müharibə elan edilməsi kimi qiymətlən­dirib: “Bu, bütün maarifçilik prinsiplərinin ləğvinə, iki ölkə arasında onilliklər ərzində qurulmuş bütün diplomatik münasibətlə­rin məhvinə bərabərdir. Bu, keçmişdən gələcəyə, bundan sonrakı sivilizasiyaya aparan körpünün dağıdılmasıdır”.

Fransız filosofu Jil Delezin yaradıcı in­sanları “sivilizasiyanın təbibləri” adlandır­dığını xatırladan və heykəlin müdafiəsinə qalxdığına görə “La Gazette du Caucase” qəzetinin baş redaktoru Jan Mişel Bryuna minnətdarlığını bildirən şairə sonda bildi­rib ki, O, sağlam məntiqin qaragüruhçu­luq üzərində qələbə çalacağına inanır. 

XQ

Son xəbərlər