Şimal bölgəsində turizm zonalarına gedən yollar qardan tam təmizlənib

post-img

Şimal bölgəsində turizm zonalarına gedən avtomobil yolları qardan təmizlənərək, nəqliyyatın rahat və təhlükəsiz hərəkəti təmin olunub.

Ötən iki gündə turistlərin daha çox istifadə etdiyi Quba-Xınalıq, Siyəzən-Qalaaltı və Qusar-Şahdağ yollarının buz bağlaması səbəbindən bəzi ərazilərdə avtomobillərin hərəkəti müvvəqqəti məhdudlaşmışdı. Ərazidə qar yağması nəticəsində, eyni zamanda, güclü küləyin təsiri ilə qar kütləsi yolların hərəkət hissəsinə dolmuşdu.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarələrinin texnika və növbətçi briqadaları tərəfindən yolların qarla örtülən hissələri təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

Hazırda yerli sakinlərin, eləcə də turistlərin qeyd olunan istiqamətlərdə gediş-gəlişində problem yoxdur.

Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Ağır texnika ilə təmin olunan növbətçi briqadaları yollara nəzarət edir.

Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada dağlıq ərazidən keçən yollardan istifadə etməsi tövsiyə olunmur.

Son xəbərlər