Milli QHT Forumunun Ümumrespublika Forumu

post-img

Yanvarın 10-da Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib. Forumda 300-dək Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri iştirak edib. 

Tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlü­yümüz uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xa­tirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli QHT Forumunun fəaliyyətində yeni dövrün başladığını diqqətə çatdıran qurumun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan Milli QHT Forumu ötən 25 ildə ölkədə vətəndaş cəmiyyəti qu­ruculuğu prosesində QHT-lərin inkişafı, regionlarda bu hərəkatın gücləndirilmə­si, Azərbaycan həqiqətlərinin dünya icti­maiyyətinə çatdırılması işində səmərəli fəaliyyət göstərib. Onun sözlərinə görə, ölkədə vətəndaş cəmiyyəti quruculu­ğunda fəal iştirak edən Forum öz sıra­larında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir. Son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionun­da – Lənkəranda, Qubada, Şəkidə, Gən­cədə və Naxçıvanda forumlar keçirib, bu tədbirlərdə 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara Ümum­respublika Forumu ilə yekun vurulur.

İctimai nəzarətin, iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və digər istiqamətlərdə görülən işlərdən danışan R.Zeyni regionlarda mütəmadi olaraq fo­rumların keçirildiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, təşkilatın regi­onal forumlarında vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr təhlil olunur, ölkədə baş verən proseslər, bu proseslərə vətəndaş cəmiyyətinin mü­nasibəti və digər məsələlərlə əlaqədar ictimai müzakirələr aparılır, QHT-lərin rəy və təklifləri dinlənilir.

Azərbaycanın zəfərləri ilə reallıq yaratdığını vurğulayan R.Zeyni dövlə­timizin müstəqilliyinin və suverenliyinin qorunması, ölkəmizin gələcək inkişafı is­tiqamətində QHT-lərin də üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O, Milli QHT Forumunun qurultayının mart ayında keçiriləcəyini də diqqətə çatdırıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondu­nun prezidenti Umud Mirzəyev qeyd edib ki, ölkəmiz üçün ağır olan 1980–1990-cı illərdə yeni yaradılan QHT-lər xalqın, döv­lətin yanında idi və indi də belədir.

U.Mirzəyev ulu öndər Heydər Əliyevinhakimiyyətə qayıdışından sonra QHT-lər­lə bağlı yeni baxışın formalaşdığını bil­dirib. Vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyətindən söz açan U.Mir­zəyev Laçın–Xankəndi yolunda QHT-lə­rin ekoaksiyasını qəhrəmanlıq kimi dəyərləndirib.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Vətəndaşların Sosial Rifahı Na­minə” İctimai Birliyinin sədri İradə Rzaza­də, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək, Azərbaycanın yeni inkişaf mərhələsində vətəndaş cəmiyyətinin ro­lundan, ölkəmizin inkişafında müxtəlif sahələrdə görüləcək işlərdən danışıblar, QHT-ləri fəal əməkdaşlığa çağırıblar. Vurğulanıb ki, ötən 20 ildə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb.

Sonda Milli QHT Forumu Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı qəbul edib. 

Qeyd edək ki, Milli QHT Forumu ha­zırda 600-dən çox təşkilatı özündə birləş­dirir.

Son xəbərlər