Prezident İlham Əliyev: Mən heç şübhə etmirdim ki, gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaq

post-img

“44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bizi haqq yolumuzdan heç kim döndərə bilməzdi. Mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düşmən bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.

O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhə­rində Azərbaycan Bayrağı qaldırılacaq”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 131-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2023-cü il noyabrın 8-də Xankən­di şəhərində xalqımızın Vətən müharibə­sində əldə etdiyi Zəfərin 3-cü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı söyləyib. 

AZƏRTAC xəbər verir ki, çoxcildliyin “Zəfər Kitabı” adlandırılan 131-ci nəş­rində toplanmış materiallar 2023-cü ilin sentyabr–noyabr aylarını əhatə edir. Bu kitabda Prezident İlham Əliyevin Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankən­di, Xocavənd, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azər­baycan Respublikasının Dövlət Bayrağını ucaltması, eləcə də Xankəndidə xalqımı­zın Vətən müharibəsində qazandığı bö­yük Zəfərə həsr olunmuş hərbi paradda iştirakına dair materiallar toplanıb.

Prezident İlham Əliyev ötən ilin sent­yabr ayında Cəbrayıl və Zəngilan ra­yonlarına səfər edib, tikinti işləri ilə tanış olub, Zəngilanda yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak edib, sentyabrın 29-da “Davamlı şəhərlər iq­tisadi inkişafın hərəkətverici və bərabər­sizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhər­salma Forumunun açılış mərasimində çıxış edib. Bütün bunlara dair materiallar­la yeni kitabda tanış olmaq mümkündür. Kitabda dövlətimizin başçısının, həmçinin Füzuli rayonuna, Şuşaya, habelə Sumqa­yıt şəhərinə səfərlərinə dair geniş məlu­matlar verilib. 

Yeni kitaba Azərbaycan Prezidentinin 2023-cü ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinə, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana səfərinə, noyabr ayında Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görü­şündə iştirak etmək üçün Qazaxıstana, İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zir­və toplantısında iştirak etmək üçün Özbə­kistana səfərləri haqqında informasiyalar daxil edilib. 

Prezident İlham Əliyevin Bakıda 74-cüBeynəlxalq Astronavtika Konqresinin açı­lış mərasimində iştirakı haqqında materi­allar da bu kitabda yer alıb. 

Yeni nəşrdə dövlətimizin başçısının TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirin, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclasının, Azərbaycan qadınlarının VI qurultayının, 3-cü Azərbaycan Bey­nəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” – “Rebuild Karabakh” sərgisi­nin, “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına mü­raciətləri də təqdim edilib. 

“Azərnəşr” tərəfindən buraxılan 131-cikitabın hazırlanmasında Azərbaycan Döv­lət İnformasiya Agentliyinin (AZƏRTAC)materiallarından istifadə olunub.

Son xəbərlər