Dünən Mətbuat Şurasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirilib. Şuranın və Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşmiş toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb.
MŞ sədri müzakirəsi keçirilən nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdəki ingilisdilli mətbuatda Azərbaycan haqqında yayımlanmış məqalələrin yer aldığını vurğulayaraq, onların toplanıb bir araya gətirilməsi işinin yaxın tariximizin öyrənilməsinə əvəzsiz töhfə kimi qiymətləndirib.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov kitabın media ictimaiyyətində müzakirəsinin əhəmiyyətindən söz açıb. O, nəşrə jurnalist baxışının zəruriliyini əsaslandırıb.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirib ki, kitab “Heydər Əliyev ili”nə töhfələrdən biridir, Ümummilli liderin Azərbaycan naminə nəhəng xidmətlərinə dəyərin göstəricisi olmaqla, yüksək qədirbilənlik nümunəsidir.
ADU-nun prorektoru Novruz Məmmədov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, politoloq Tofiq Abbasov, ADU-nun əməkdaşları - laboratoriya müdiri Aqil Şahmuradov, kafedrasının müdiri Aynurə Hüseynova, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri Aqşin Rüstəmov, beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı yeni nəşrdə toplanmış materialların Azərbaycan həqüiqətlərini xarici mediada əks etdirmək baxımından önəmini vurğuladılar.
Xatırladaq ki, bu dəyərli nəşrin layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır.
XQ