Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın Ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir.
Vurğulanıb ki, Ulu öndərin respublikamıza ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun təşəbbüsü və ciddi səyləri nəticəsində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox ittifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb.
Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdışı tariximizin hərc-mərclik, ağır tənəzzül illərinə, uğursuz müharibə, Azərbaycan torpaqlarının bölüşdürülməsi planlarının reallaşması, torpaqlarımızın düşmənə təslim edilməsi dövrünə təsadüf edib. Məhz bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas edib.
Sonda Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla Ulu öndərin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəklərini bildirib.
XQ


