Fəxri xiyabandan reportaj
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin vəfatından 20 il keçir. Heydər Əliyevin vəfatından ötən illər ərzində Türk dünyasının böyük oğlunun, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Dünəndən başlayaraq, paytaxt sakinləri, ayrı-ayrı idarə, təşkilat, şirkət və müəssisələrin kollektivləri, universitet, kollec və orta məktəblərin müəllimləri dəstə-dəstə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli liderinin məzarını ziyarət edir, önünə çiçək dəstələri düzürlər. Müxbirlərimizin Fəxri xiyabandan hazırladığı reportajı təqdim edirik.
Dekabrın 11-də – Anım günü ərəfəsində Fəxri xiyabana başlamış insan axını Ulu Öndərin ölməz ruhuna dərin ehtiramın parlaq təzahürüdür. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Böyük siyasət və dövlət xadiminə xas olan fitri istedadı qeyri-adi şəxsiyyəti ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə Azərbaycan rəhbər təyin olunan Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən, geridə qalmış aqrar diyar olan respublikanı qabaqcıl mövqelərə çıxarmışdı. Müstəqillik dövründə qazanılan möhtəşəm nailiyyətlər məhz həmin dövrdə ulu öndərin rəhbərliyi ilə təməli qoyulmuş potensialın sayəsində mümkün olub.
Söhbət etdiyimiz ziyarətçilər də böyük iftixarla vurğulayırlar ki, 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın başının üstünü qara buludlar alan bir vaxtda xalq özünün və ölkənin taleyini məhz Heydər Əliyev dühasına etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu öndər zəngin siyasi, dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi ilə gənc müstəqil dövləti və xalqı, labüd bəlalardan qurtardı. Odur ki, qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Qarabağ qazisi, ehtiyatda olan zabit Güləli Fərziyev nəinki xalqımızın, hətta bütün dünyanın Heydər Əliyevi sonsuz ehtiramla yad etdiyini bildirir:
– 2003-cü il dekabrın 12-də Ulu Öndərin vəfatı bütün xalqımızı sarsıtdı. Bu gün onun daxili və xarici siyasətinin Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev uğurlu davam etməsi hər birimiz üçün böyük təsəllidir və hamımızı qürurlandırır. Heydər Əliyev 2-ci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələndə ölkə başdan-başa xaos içində idi. Mənim də vuruşduğum Qarabağ cəbhəsində düşmənə məğlub olurduq. Məhz onun sayəsində bir neçə uğurlu döyüş əməliyyatı aparıldı və nəticədə erməni işğalçılar atəşkəsə imza atmağa məcbur oldular. Sonrakı dövr ərzində isə həm Azərbaycanın iqtisadiyyatı dirçəldildi, həm də nizami ordu quruculuğu həyata keçirildi, ökənin müdafiə qüdrəti artırıldı. Elə 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Böyük Zəfərə də bu uzaqgörən siyasətin nəticəsində nail olduq. Bu gün bir qazi kimi könlümün istəyi ilə Fəxri xiyabana gəldim və Ulu öndərin ölməz ruhu qarşısında baş əydim. Nə qədər ki, Azərbaycan var, xalqımız var, Heydər Əliyevin xatirəsi yaşayacaq.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ulu öndərin məzarını ilk ziyarət edənlər sırasındadırlar. Onlar sonsuz iftixar duyğuları ilə müasir dövlətçiliyimizin və ən yeni tariximizin qurucusu Heydər Əliyevin ruhu qarşısında baş əyir, əzəmətli abidəsi önündə sayğı duruşuna dayanır və məzarı üzərinə tər qərənfillər düzürlər. Həmsöhbətlərimiz Ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini xatırlayır, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğu vurğulayırlar.
Sərhədçilərin ardınca Ulu öndərin məzarını ziyarətə gəlmiş məktəb kollektivləri onun ölməz xatirəsinə baş əyir, hədsiz qürur və iftixar hissi ilə burada şəkil çəkdirirlər. Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri olan ziyarətçilər bizimlə söhbətlərində dünyanın öncül ölkələri sırasına çıxmış qalib Azərbaycanın vətəndaşları olmaları ilə fəxr etdiklərini dilə gətirirlər. 11-ci sinif şagirdi Zabilə Əzimzadə, 10-cu sinif şagirdi Ləman Qurbanova da Ulu öndərin məzarını ziyarət edənlər arasında olmalarından hədsiz qürur duyduqlarını söyləyir, Heydər Əliyevi dərin hüzn və sevgilərlə andıqlarını qeyd edirlər.
Məktəbin direktoru Natavan Əsədova şagirdlərin müasir Azərbaycanın qurucusu, memarı Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarətə böyük həvəslə gəldiklərini qeyd edir:
– Böyüyən nəsil sabahımızın sahibləridir. İnanıram ki, hansını dindirsəniz, ölkəmizdə təhsilin, mədəniyyətin inkişafına, bizim üçün bu cür gözəl həyat şəraitinin yaradılmasına görə Ulu öndərin ruhuna borclu olduğunu deyər. Məktəbimizdə vaxtaşırı “Heydər Əliyev dərsləri” keçirilir və bütün bunlar barədə şagirdlərə zəruri bilgilər verilir. Bu gün hər birimizin qəlbində böyük inam var ki, Azərbaycanın sabahı daha işıqlı, həyatımız daha gözəl olacaq. Xoşbəxtliyimizin təməlində Heydər Əliyevin sönməz ideyaları dayanır, möhtərəm Prezidentimiz İlham Əliyev öz fəaliyyətində həmin ideyalara əsaslanaraq, qalib Azərbaycanı daha da irəli aparır. Allah Ulu öndərə rəhmət eləsin ki, gündən-günə çiçəklənən Azərbaycanı bizə miras qoyub gedib.
STEAM mərkəzli təhsil ocağı – Hədəf liseyinin şagirdləri ilə də Fəxri Xiyabanda tanış oluruq. Liseyin 8-ci sinif şagirdi İbrahim Rəhimzadə Ümummilli liderə olan sonsuz sevgisindən söz açır:
– Heydər Əliyev hər zaman bizim qəlbimizdə yaşayıb və yaşayacaq. Mən onun barəsində danışanda hər zaman duyğulanıram. Təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün çox dəyərli bir şəxsiyyət idi. Həmişə valideynlərim və müəllimlərim deyiblər: “Bəxtimiz onda gətirib ki, Ulu Tanrı bizə belə bir dahi rəhbəri bəxş edib”. Mən onun çıxışlarına internetdə təkrar-təkrar baxıram və haqqında söylənənlərin necə böyük bir həqiqət olduğunu dərk edirəm.
Ulu öndərin təhsilə diqqəti daimi olub. Baxın, kimin ağlına gələrdi ki, bu gün Bakıda Beynəlxalq Cambridge Məktəbi kimi bir lisey fəaliyyət göstərəcək? İndi bu, gerçəklikdir, liseyimizdə dərslər Azərbaycan, rus və ingilisdilli bölmələr üzrə həyata keçirilir. Başlıca hədəf ölkəmiz və bəşəriyyət üçün dəyərli insanlar yetişdirməkdir. Bu isə “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyevin böyük arzusu idi. Allah ona rəhmət eləsin.
Heydər Əliyev adına Liseyin 2-ci sinif şagirdləri də Ulu öndərin ziyarətində həvəslə iştirak edirlər. Onlardan Ümummilli lider haqqında şeirlər söyləmələrini xahiş edirik. Dərhal qızlardan bir irəli keçib söz alır:
Azərbaycan adını
Azərbaycan xalqını
Dünyaya tanıtdıran,
Heydər babamız oldu.
Başqa bir qız isə Heydər Əliyevin şah əsəri olan Azərbaycan haqqında şeir söyləyir:
Sinəmdə köz dayansa,
Dilimdə söz dayansa,
Qarşımda kim dayansa,
Yaşa, ey Odlar Yurdu!..
Uşaqları dinlədikcə Ulu öndərin böyüyən nəslə qayğıkeş münasibət bəslədiyini və tez-tez onların bayram tədbirlərində necə fərəhlə iştirak etdiyini xatırlayırıq. Yeri gəlmişkən qeyd edək ki, Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən, “Bakı SOS uşaq kəndi” salınmışdır. Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən Ulu öndərimiz bayram tədbirində sevinib-gülən uşaqlara üzünü tutaraq demişdi: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”...
Fəxri xiyabanın qarşısında ziyarətçilərdən müsahibələr aldığımızı görən gənc bir qız bizə yaxınlaşıb salamlaşır və gələcək həmkarımız olduğunu bildirir: “Adım Nigardır, Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə təhsil alıram. Onun da ürək sözlərini “XalqTV” üçün lentə alırıq.
Tələbə-jurnalist Nigar Səfərlinin dedikləri:
– Azərbaycan dövlət mütəqilliyini bərpa etdikdən sonra çətin sınaqlarla üz-üzə qaldı. AXC–Müsavat hakimiyyəti respublikanı idarə edə bilmir, ictimai-siyasi kataklizmləri daha da dərinləşdirirdi. Bu zaman xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev onun Azərbaycan Respublikası üçün misilsiz fəaliyyətləri oldu. O, əsl xilaskar lider kimi idarəetmə sükanını ələ alaraq əvvəlcə ölkədə möhkəm ictimai-siyası sabitlik yaratdı, sonra cəbhədə atəşkəsə nail oldu, “Əsrin müqaviləsi” sayılan neft kontraktları imzalandı. Tədricən, ölkədə həyat axarına düşdü, bir çox sahələr sürətlə inkişaf etdi, hərbi gücümüz artdı və işğalçılardan qisasımızı alaraq, əzəli torpaqlarımızı azad etdik. Bu gün Prezident İlham Əliyev Ulu öndərin ideallarına sədaqət nümunəsi göstərməklə, ölkəni böyük bir “Zəfər” meydanına çevirib, hər birimiz qalib xalqın övladı olmağımızla fəxr edirik.
Ziyarətçilər arasında hazırda ölkəmizdə çalışan Türkiyə vətəndaşlarına da rast gəlirik. Onlarla da həmsöhbət oluruq. Müsahiblərimiz bütün fəaliyyətini doğma Vətəninə və xalqına həsr etmiş Heydər Əliyevi Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirirlər. Böyük şəxsiyyətin Azərbaycanın gələcəyi üçün gördüyü işlər, elm, təhsil, idman, mədəniyyət və səhiyyənin inkişafı, ölkənin hərbi potensialının gücləndirilməsi, həmçinin Türk dünyasının birliyi istiqamətindəki misilsiz xidmətləri yüksək dəyərləndirilir.
“Azərsun Holdinq”in əməkdaşı Selim Kurt:
– Türkiyə üçün türk milləti üçün Atatürk nə qədər önəmlidirsə, Azərbaycan xalqı üçün də Heydər Əliyevin önəmi bir o qədərdir. Vəfatından 20 il ötsə də, ilboyu camaat buraya gələrək ulu öndərin məzarını ziyarət edir. Bu isə o deməkdir ki, Heydər Əliyev daim xalqın ürəyində yaşayır. Siz də çox qədirbilən xalqsınız.
Selimin iş yoldaşı Erhan Topkaya da söhbətə qoşulur:
– “Bir millət, iki dövlət” ifadəsinin müəllifi Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan–Türkiyə dostluğuna böyük önəm verirdi. Bu gün İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri bütün dünyaya nümunədir. Bir-birimizə mənəvi dəstəyimiz var, bunun kökündə isə böyük türk oğlu Heydər Əliyevin ideyaları dayanır. Ruhuna dualar oxuyuruq.
Bəli, müsahiblərimizin də vurğuladıqları kimi, Türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə sonsuz ehtiramlarını ifadə edirlər. Ümummilli liderin ölməz ruhu qarşısında baş əyən ziyarətçilər müdrik dövlət xadiminin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarının üzərinə gül dəstələri qoyur, Allahdan rəhmət diləyirlər.
Əli NƏCƏFXANLI,
Şahanə XANKİŞİYEVA,
Elşən AĞALAR (foto)
XQ







