Xəbər verildiyi kimi, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 kilometr şərqdə Xəzər dənizində olub. Yeraltı təkanlar Abşeron yarımadasında, eləcə də payaxt Bakıda hiss olunub. Dağıntı və tələfat olmayıb.
Dünən AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzində mətbuat konfransı keçirildi. Tədbirdə Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli ölkəmizin zəlzələ zonasında yerləşdiyini və nə vaxtsa yenidən yeraltı təkanların baş verə biləcəyini söylədi: “Azərbaycanda binalar tikilərkən, onların 8 ballıq zəlzələyə davamlılığı nəzərə alınır və layihələr buna əsasən hazırlanır”.
Baş direktorun sözlərinə görə, yeraltı təkanın hiss olunması 47 saniyə çəkib: “Bu, güclü zəlzələ deyil. Bəzi yerlərdə 5-6-cı mərtəbələrdə hiss olunmayıb. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb”.
Q.Yetirmişli bildirdi ki, seysmik mikrorayonlaşdırma xəritəsi gündəmdədir. FHN əməkdaşları yaponiyalı mütəxəssislərlə gələn il birgə işlərə başlanılacaq. O qeyd etdi ki, bununla bağlı razılıq əldə olunub. Xəritənin tərtib olunması üzərində iş gedir. Xəritə Abşeron yarımadasını və Bakı şəhərini əhatə edəcək.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev qeyd etdi ki, zəlzələ ilə bağlı növbətçi hissələrdə dağıntı, yaxud xoşagəlməz hal qeydə alınmayıb. Zəlzələ baş verəndən dərhal sonra Bakı və digər ərazilər üzrə polis gücləndirilmiş iş rejiminə keçib. Yol polisi, post patrul xidməti və digər əməkdaşlar öz sahələrində aidiyyəti üzrə cəlb olunub. Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb. Polis əməkdaşları bütün lazımi işləri görür. O, tövsiyə etdi ki, heç bir vahiməyə düşməsinlər.
Fövqəladə Hallar Nazirliyinin yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə dedi ki, regional mərkəzlərin əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyib.
Sonda Q.Yetirmişli bir daha insanları şayiələrə uymamağa səslədi: “Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar. İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, yayılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heç nə yoxdur”.
Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR
XQ