Laçın regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir

post-img

2020-ci il 1 dekabr tarixində erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Böyük qürur hissi ilə deyə bilərik ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.

1992-ci il 18 may tarixində Laçın Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Rayonun yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri Erməni işğalçıları tərəfindən dağıdaraq talan edilib. Mənfur Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Amma cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və Azərbaycan ordusu döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.

17 il ərzində Azərbaycan tərəfinə dəfələrlə müxtəlif xarici dairələrdən yalnız 5 rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Müzəffər Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək İkinci Qarabağ müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

Dövlət başçısı çıxışında indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı dilə gətirdi. Prezident bildirdi ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Nəticədə, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyi müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Nəhayət belə də oldu. Dövlət başçısı vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib Azərbaycanı gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.

Dövlətimizin başçısı İlham Əliyev eləcə də bildirdi ki, mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.

Laçın rayonu Azərbaycanın ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800 km2. Strateji baxımdan Laçın əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Buranın ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Rayonun İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Həmçinin ərazinin mineral su yataqlı səkkiz yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan yeddi yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan bir yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. 

Danılmaz faktdır ki, Laçın Azərbaycanın digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Son xəbərlər