Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi.
Komitə sədri qanun layihəsinin silahlı qüvvələrimizin daha da güclənməsi, hərbçilərin kadr hazırlığı, təhsili, xidmətkeçmə, sosial müdafiə və pensiya təminatları sahəsində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlandığını bildirdi.
Sonra deputat Arzu Nağıyev qanun layihəsinə təklif olunan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verib. O, qanun layihəsinin hərbi qulluqçuların pensiya və təhsil almaq hüququ, o cümlədən, xidmətkeçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutilduğunu diqqətə çatdırdı..
Hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə yönəlik dəyişikliklərdən danışan A.Nağıyev qeyd etdi ki, sənəddə hərbi qulluqçuların təhsil almaq imkanları genişləndirilir. O, layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi hərbi qulluqçularla bərabərləşdirilməsinin gender bərabərliyinin təmininə xidmət etdiyini bildirdi. Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq stajına əlavənin 50-dən 65 faizə qaldırılması təklif edilib.
Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev vurğulayıb ki, parlamentin müzakirəsinə təqdim olunmuş layihə hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə və onların peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov isə qanun layihəsinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinin və pensiya təminatının möhkəmləndirilməsinin daha səmərəli təşkilinə imkan yaratdığını bildirib.
Sənədin müzakirəsində deputatlar çıxış edərək layihə ilə bağlı fikirlərini bildirdilər.
Sonda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Ə.BƏDƏLOV
XQ