60-a yaxın mina qurbanı, onların doğmaları və vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koksa birgə müraciət ünvanlayıblar.
Müraciətdə AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Bakıda olarkən onlarla görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qeyd olunur. Bildirilir ki, bu davranış Ermənistanın mina terroruna birbaşa dəstək olmaqla iyrənc hərəkətdir.
“Yaxın müddətə qədər işğaldan azad edilən ərazilərdə 1 milyondan artıq mina və partlamamış hərbi sursat olması ehtimal edilirdi. 44 günlük müharibədən sonra da Ermənistan Laçın yolu ilə minalar daşıyaraq Azərbaycan ərazilərində basdırmaqda davam etdi. Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermənistanın qanunsuz hərbi birləşmələrinin və yüklərinin Azərbaycan ərazilərinə maneəsiz keçidini müdafiə etdi. Bu il sentyabrın 19-20-də uğurlu antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxdı. Laçın yolu vasitəsilə Ermənistanın Azərbaycana mina daşımasını qızğın müdafiə edənlərdən biri elə indi Azərbaycana göndərdiyiniz Liz Kristoffersen idi.
Bizim müraciətimizdən sonra da Avropa Şurası Parlament Assambleyasının Prezidenti kimi siz buna susacaqsınızsa, daha insan hüquq və azadlıqlarından danışmağa mənəvi haqqınız olmamalıdır. Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün. Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, bizə kömək etmək onun əsas öhdəliyi olmalıdır”- deyə müraciətdə bildirilir.
XQ

