2024-cü ilin dövlət büdcəsi də sosialyönümlüdür

post-img

Noyabrın 14-də  Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda  Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Parlamentin Sədri iclası açaraq ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş yeni qanun layihəsini gündəliyə daxil etməyi təklif edib. Deputatlar iclasın gündəliyini təsdiqlədikdən sonra “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin  müzakirələri davam etdirilib.

Müzakirələrdə Milli Məclisin komitə sədrləri və deputatlar çıxış ediblər. Qeyd edilib ki, 2024- cü ilin dövlət büdcəsinin 43 faizini sosial xərclər təşkil edir.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildikdən sonra “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki,  müzakirəyə təqdim olunan qanun layihəsi  ölkə rəhbərinin sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutularaq tərtib edilmişdir. O, qeyd edib ki, fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard  919,9 milyon  manat proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat  çoxdur.

Orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn ildə pensiyaların orta hesabla 11 faiz artırılmasını təmin etməyə imkan yaradacağını vurğulayıb.

Sonra M.Quliyev “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, diqqətə çatdırıb ki, 2024-cü ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildən  20,3 milyon manat, yaxud 9,3 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6 faizi işsizlikdən  sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud  24,4 faizi isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq və bu yığımın 74,8 faizi  qeyri-büdcə sektorunun payına düşür.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin və sosial rifahının yaxşılaşdırılmasının dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetləri olduğunu deyib.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”  qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır.

“Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunun layihəsində bildirilir ki, gələn il üçün ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur.

Komitə sədri T.Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

Müzakirəyə təqdim edilən qanun layihələri səsə qoyularaq  birinci oxunuşda qəbul edilib.

 

Əliqismət BƏDƏLOV
XQ

 

Son xəbərlər