Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” adlı tədbir keçirilib

post-img

Qarabağ Dirçəliş Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” adlı tədbir keçirilib.

Müasir Təhsil Kompleksində baş tutan tədbirdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili Nigar Arpadarai, mədəniyyət nazirinin müavini Murad Hüseynov, MTK-nın direktoru Aygün Mikayılova, eləcə də təhsil komleksinin müəllim və şagird heyəti, şagirdlərin valideyinləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar şagirdlərin müəllifi olduğu sənət əsərlərindən ibarət sərgi ilə və Qarabağı 2030-cu ildə görmək arzularını əks etdirən layihələrlə tanış olublar.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Heydər Əliyev və Qarabağ” mövzusunda çıxış edərək ümummilli liderin Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən ermənilərə qarşı fəaliyyəti barədə geniş məlumat verib.

İdarə Heyətinin sədri ermənilərin Qarabağı ələ keçirmək planlarının və bütün təxribatçı əməllərinin qarşısının  xalqımızın dahi oğlu Heydər Əliyev tərəfindən qətiyyətlə alınması, yalnız onun 1987-ci ildə Siyasi Büro üzvlüyündən getməsindən sonra torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edilməsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qalib gələrək torpaqlarımızı işğaldan azad etməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra Rəhman Hacıyev Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də Fondun bu sahədəki fəaliyyəti ilə bağlı şagirdlərin suallarını cavablandırıb.

Daha sonra qonaqlar ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Seyidli olan, kompleksin şagird və müəllim heyətinin ifasında “Zəfər dastanı” tamaşasını izləyiblər. Tamaşada türk xalqlarının XI əsrdən sonra keçdiyi tarixi yol, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə səhnələşdirilib.

Tamaşanın yekununda 2020-ci ildən bəri kompleksin ənənəsinə çevrilən, zəfərin simvolu olan “Dəmir Yumruq” atributunu 11-ci siniflər 10-cu siniflərə təqdim ediblər.

Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşüb.

Tədbirin sonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Xatırladaq ki, bu tədbir Qarabağ Dirçəliş Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə təşkil edilən ilk tədbir deyil. 2022-ci ilin aprel ayında MTK-nın təşəbbüsü ilə “Qarabağa hərəmizdən bir fidan” şüarı altında həyata keçirilən xeyriyyə konsertindən əldə olunan vəsait hesabına Qarabağda meşə massivinin salınması layihəsinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edilib.

Qarabağ Dirçəliş Fondu bu günə qədər “Karabakh Talks” müzakirə platforması çərçivəsində bir sıra universitetlərdə gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

Anar ƏLİ 
XQ

Son xəbərlər