MEK əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

post-img

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda yerli və xarici kitabxana nümayəndələri ilə yanaşı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları da qatılıblar.

Konfransın plenar iclasında çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Heydər Əliyevin xidmətlərinin tədqiqi, eləcə də, kitabxana-informasiya sahəsində müasir tendensiyaların araşdırılması baxımından konfransın əhəmiyyətini qeyd edib. Baş direktor “Heydər Əliyev İli” çərçivəsində elmi kitabxana tərəfindən həyata keçirilən layihələrdən, tərtib olunan biblioqrafik göstəricilərdən, sərgilərdən, lektoriyalardan danışıb.  Qeyd edib ki, MEK hazırda bir sıra dünya kitabxanaları ilə uğurlu əməkdaşlıq qurur. Ötən günlərdə Türkiyəyə səfəri çərçivəsində Türk Dünyası Kitabxanaçılar Fondu ilə yaradılan əlaqələri diqqətə çatdıran baş direktor dost və qardaş coğrafiyalarda kitabxanaçılıq, arxiv, sənədləşmə, məlumatların idarə olunması işlərinin təşkili, eləcə də təhsil, mədəniyyət, sənətşünaslıq və digər sahələrdə ortaq kataloqun yaradılmasının önəmini vurğulayıb.

Bölmə iclasları ilə davam edən konfransda MEK-in elmi katibi Şəbnəm Rüstəmovanın “Akademik kitabxanaların rəqəmsallaşdırılması: zamanın tələbi və perspektivlər”, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynovanın “Ulu Öndər Heydər Əliyev irsi elektron informasiya resursları sistemində”, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Elmi kitabxanalarda elmmetriya və bibliometriya” mövzularında məruzələri dinlənilib.

Sonda MEK təmsilçilərinə, iştirakçılara və təşkilat komitəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

Anar ƏLİ
XQ

Son xəbərlər