Paytaxtda Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı baş tutub. "Winter Park Plaza"da keçirilən mərasimində yerli və xarici qonaqlar iştirak ediblər.
Qeyd edilib ki, Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
***
“Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları dünən Milli Məclisdə olublar.
Deputat Tural Gəncəliyev konfransın əhəmiyyətini vurğulayıb, onun dünyada hələ də bəzi ölkələr tərəfindən davam etdirilən müstəmləkəçilik siyasətinin qarşısının alınmasına verə biləcəyi töhfələrdən danışıb. Bildirilib ki, BMT tərəfindən neokolonializm qadağan edilsə də, Fransa bu gün hələ də bu siyasəti davam etdirir və bir sıra ölkələr Fransanın bu siyasətindən əziyyət çəkirlər.
Görüşdə Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Uanabo, Yeni Kaledoniya parlamentinin üzvü Mariya Line Sakilya Fransanın onların ölkələrinə qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasətindən danışıblar.
Qonaqlar Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
***
“Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçıları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüblər.
Görüşdə Azərbaycanın multikultural ölkə olduğu, ölkədə hər bir dilin inkişaf etdiyi və heç kəsə qarşı ayrı-seçkiliyin edilmədiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Fransa və onun kimi ölkələr Cənubi Qafqazda yaranan geosiyasi vəziyyətlə bağlı reallıqları qəbul etməkdə çətinlik çəkirlər, birtərəfli mövqe tuturlar.
Qonaqlar öz çıxışlarında Fransanın öz müstəmləkələrindəki təbii resursları mənimsəməsindən, həmçinin ölkələrində gələcək nəsillərin daha sağlam mühitdə, xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün aparılan mübarizədən bəhs ediblər. Konfrans iştirakçıları bu mübarizədə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürlərini bildiriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
XQ