Mir Cəlalın “Füzuli sənətkarlığı” əsəri alman dilində

post-img

Görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının “Bibliotheca Academica” - şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilib. Əsəri alman dilinə Giesen Universitetinin dosenti, şərqşünas Mixael Raynhard Hess tərcümə edib. 

Alman alimin, Füzulinin dövrü­nün tələblərinə uyğun olaraq Azər­baycan, türk, ərəb və fars dillərini bilməsi ona Füzuli və Mir Cəlal ya­radıcılığının dərinliklərini araşdır­mağa və avropalı oxuculara təqdim etməyə imkan verdi. Şərqşünas-alim Hess, həmçinin kitaba “Giriş sözü” yazaraq, həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. 

Mixael Raynhard Hess bildirir: “Yazıldığı tarixdən 80 il keçməsinə baxmayaraq, Füzuli yaradıcılığı haqqında Mir Cəlalın elmi əsəri ilə müqayisə oluna bilinəcək dərinlik və müfəssəlliyə malik elmi əsər ya­zılmayıb. Bu gün də bu əsər Füzuli yaradıcılığının araşdırmaçıları üçün əvəzolunmaz mənbədir”.

Füzuli dühasının araşdırılması­na həsr olunan bu monoqrafiyanın alman dilində nəşri Mir Cəlal yaradı­cılığının avropalı oxuculara çatdırıl­masına dəyərli töhfədir. Kitab Alma­niyanın milli biblioqrafiyasına daxil edilib.

XQ

Son xəbərlər