Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepalın paytaxtı Katmanduda keçirilən Asiya-Avropa Siyasi Forumunun 5-ci iclası çərçivəsində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 40-cı iclasında iştirak edib.
YAP-ın mətbuat xidmətindən bildirilib ki, iclasda çıxış edən Daimi Komitənin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq qurumun yeni üzvlərini təqdim edib. O, Tahir Budaqovun Yeni Azərbaycan Partiyasının Daimi Komitədəki yeni təmsilçisi qismində fəaliyyətinin ICAPP-ın qarşıya qoyduğu hədəflərə çatmasına və ICAPP-YAP əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, həmçinin YAP-ın təşkilatın bir çox tədbirlərinə uğurla ev sahibliyi etdiyini və ICAPP-ın ən fəal üzvlərindən biri olduğunu vurğulayıb.
Sonra çıxış edən YAP Sədrinin müavini Tahir Budaqov yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə ICAPP rəhbərliyinə və tədbirlərə ev sahibliyi edən Nepal Kommunist Partiyasına (UML) təşəkkürünü bildirib. O, ICAPP-ın yeni baş katibi Kvon He-seoqu təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Tahir Budaqov YAP ilə ICAPP arasında səmərəli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Tahir Budaqov bu məqsədlə yaxın gələcəkdə ICAPP üzvlərinin də fəal iştirakı ilə qurumun növbəti tədbirlərindən birinin Bakıda keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Senatının Müdafiə komitəsinin sədri Müşahid Hüseyin Sayed dünyada sülhün və təhlükəsizliyin önəmini vurğulayaraq Azərbaycanın Qarabağ məsələsini beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi əsasında həll etməsi və ərazi bütövlüyünün tam bərpasına nail olması münasibətilə təbriklərini çatdırıb. Tahir Budaqova Daimi Komitənin üzvü kimi fəaliyyətində uğurlar arzulayıb.
İclasda ICAPP Daimi Komitəsinin cari il ərzində fəaliyyətinə nəzər salınıb, gələcək planlarına dair fikir mübadiləsi aparılıb, 2023-2024-cü illər üçün ICAPP-ın fəaliyyət proqramı və digər məsələlər müzakirə edilib.