Milli Məclisin Sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkənin Deputatlar Palatasının Sədri Alfred-Robert Simonis ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə verilən məlumata görə, A. Simonis bu səfərin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafına, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfərlərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinin təzahürü olduğunu qeyd edib.
Deputatlar Palatasının Sədri iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, həmçinin Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb. O, Rumıniya üçün çətin vaxtlarda Azərbaycanın göstərdiyi yardıma görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Parlamentin rəhbəri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını bildirib. Qeyd olunub ki, Rumıniya Avropa İttifaqı ölkələri arasında Azərbaycan Respublikasının müstəqilliyini tanıyan birinci ölkədir. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. Bu gün Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
İkitərəfli münasibətlərin inkişafında siyasi təmasların müstəsna rolunu vurğulayan S. Qafarova deyib ki, dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun daha da inkişafına xidmət edir.
Görüşdə enerji əməkdaşlığının ikitərəfli əlaqələrin əsas sahələrindən biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bu ildən Azərbaycan qazının Rumıniyaya ixracına başlanılıb və növbəti illərdə bu əməkdaşlıq daha da möhkəmlənəcək. Həmçinin ölkələrimiz arasında bərpa olunan enerji sahəsində də əməkdaşlıq üçün yeni perspektivlər yaranıb.
S. Qafarova işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərindən, humanitar sahədə əməkdaşlıq məsələlərindən söhbət açılıb və qeyd edilib ki, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi xalqlarımızı daha da yaxınlaşdırır. Eyni zamanda, Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən birinin də parlamentlərin qarşılıqlı fəaliyyəti olduğu bildirilib.
Sahibə xanım bölgədə mövcud vəziyyət barədə qarşı tərəfə geniş məlumat verərək, deyib ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələri, qanunsuz separatçı rejimin mövcudluğu və davamlı hərbi təxribatlar ölkəmizi lokal antiterror tədbirləri görməyə məcbur etdi. Terrorla mübarizə tədbirlərinin 24 saatdan az müddətdə məqsədinə çatdığını, separatçı rejimin qanunsuz strukturlarının dağıdıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirən Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə üç görüşü keçirilib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq: “Heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etməyib. Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Gedənlər bunu öz seçimləri ilə ediblər və Azərbaycan onların hərəkətinin təhlükəsizliyini təmin edib. BMT-nin ölkədəki Rezident Əlaqələndirici Ofisinin və BMT-nin ixtisaslaşmış qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti əraziyə səfər etmişdir. Onların səfərdən sonrakı bəyanatı dinc əhaliyə, mülki və sosial infrastruktura qeydə alınmış hər hansı zərərin olmadığını təsdiqləyib”.
Sonda Deputatlar Palatasının sədri Alfred-Robert Simonis deyib ki, indi müşahidə olunan vəziyyətə baxmayaraq, zaman kimin haqlı olduğunu göstərəcək. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Qarabağda keçirilən qondarma “seçkiləri” tanımadığını bildirib. Onun sözlərinə görə, qanunun aliliyinə və suverenliyə hörmət bu ölkənin ənənəsidir.
***
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb. O, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra ötən üç il ərzində Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar, ərazilərimizin minalanması, mina partlayışları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin həlak olması, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi və digər faktları diqqətə çatdırıb. Deyib ki, işğal dövrü Ermənistanın tarixində qara ləkədir. S.Qafarova, həmçinin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb.
Əliqismət BƏDƏLOV
XQ