Sentyabrın 28-də Gülüstan sarayında Çinin Azərbaycandakı səfirliyi milli bayram – Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə qəbul təşkil edib.
Çinin Azərbaycandakı səfiri xanım Quo Min çıxış edərək Çinin son 74 ildə əldə etdiyi böyük nailiyyətlərdən danışıb.
Səfir Quo Min qeyd edib ki, 31 il bundan əvvəl əsası qoyulan Çin–Azərbaycan diplomatik münasibətləri beynəlxalq vəziyyətin dəyişməsi fonunda zamanın sınağından çıxıb. İki ölkəni möhkəm dostluq, tərəfdaşlıq və ortaq tale birləşdirir. Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında uğurlu görüş keçirilib və ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib.
Baş nazirinin müavini Şahin Mustafayev çıxışında dost Çin xalqını milli bayram münasibətilə təbrik edib və iki ölkə arasında dostluğun qədim tarixə malik olduğunu və Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, dövlət başçılarının şəxsi təşəbbüsü və dəstəyi sayəsində Azərbaycan ilə Çin arasında siyasi qarşılıqlı etimad daim dərinləşir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli nəticələri əldə edilir, beynəlxalq əməkdaşlıq inkişaf edir.
XQ