Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londonda işgüzar səfərdə olub. Tədbirdə qərara gəlinib ki, Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçirilsin.
Assosiasiyanın təntənəli bayraq mərasimində çıxış edən Baş prokuror təşkilatın bayrağını rəsmən qəbul edərək, tədbir iştirakçılarını 2024-cü ilin sentyabrında Bakıda keçiriləcək ümumdünya prokurorlarının 29-cu konfransına dəvət edib.
Səfər çərçivəsində Baş prokuror Britaniyanın Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill ilə görüşüb. Kamran Əliyev ötən ilin avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına hücum edən radikal dini qruplaşma üzvlərinin cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmələri və bu məsələdə Azərbaycan prokurorluğu ilə sıx əməkdaşlığa görə təşəkkür ifadə edib.
Baş prokuror Krallığın Daxili İşlər Nazirliyinin Ekstradisiya məsələləri üzrə rəhbəri Harj Dersi ilə görüşündə isə cinayət törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələləri müzakirə edilib, bu sahədə birgə fəaliyyət və sıx əməkdaşlıq edilməsi barədə razılıq əldə olunub.
Həmçinin Baş prokuror Sinqapur, ABŞ, Braziliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Monqolustan və digər ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, sentyabrın 19-da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri barədə onları məlumatlandırıb.
Konfrans çərçivəsində ölkəmizin sədrliyi ilə Assosiasiyanın Anti-korrupsiya Prokurorları Şəbəkəsinin xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib.
XQ