Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.
Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
* * *
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam–Əsgəran–Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yanacağı yola salınıb.
* * *
İçərisində, ümumilikdə, 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam–Əsgəran–Xankəndi yolu vasitəsilə yola salınıb.
* * *
Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam–Əsgəran–Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası