19 sentyabr 2023-cü il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılıb. XQ xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Məlumatda bildirilib ki, ilkin araşdırmalar zamanı, həmin tarixdə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
***
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. XQ-nin xəbərinə görə, bu, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilib.
Məlumatda o da bildirilib ki, faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.