Xarici KİV ermənilərin Azərbaycana qarşı mina terrorunu pisləyib

post-img

Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və müli şəxslərin həlak olması barədə materiallar dərc edib.

Rusiyanın TASS agentliyi, “Arqumentı i faktı”, “Moskovski komsomolets” qəzetləri və digər mətbuat orqanları azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan DİN, Baş Prokurorluq və DTX-nin birgə məlumatını yayıblar. Rusiya mediası vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları baş vermiş insidenti terror aktı adlandırıb və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorizm maddəsi üzrə cinayət işi başlanılıb.

Ərəb mediasının “Əl Ərəbiyə”, “Əl Əhram”, “Şuruk”, “Əl Qüds” və ərəb ölkələrinin digər qəzet və portallarında dərc edilən xəbərlərdə oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı erməni sabotaj qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının həlak olmasına səbəb olduğunu bəyan edib. Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin mina terrorunun azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəl olduğunu dəfələrlə bildirib. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisələri terror aktı kimi qiymətləndirib və müvafiq maddələrlə cinayət işi açılıb.

Fransanın “Radio France Internationale”, İtaliyanın “Corriere della Sera”, “Quotidiano dei contribuenti”, Slovakiyanın “hn.24”, “Teraz”, “TvNoviny”, “Dennikn”, Britaniyanın “The Guardian”, Portuqaliyanın “CNNportuqal”, “Cignoticias” qəzet və portallarında dərc olunmuş materiallarda bildirilir ki, içərisində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində 2 mülki şəxs və nazirliyin 4 əməkdaşı həlak olub. Xəbərlərdə diqqətə çatdırılır ki, Azərbaycan tərəfi ermənilərin bu terror aktlarının Ermənistanla sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir, həmçinin İrəvandan qanunsuz hərbi birləşmələrini Qarabağdan dərhal çıxarmağı tələb edir.

Almaniyanın DW telekanalının saytında dərc olunmuş yazıda diqqətə çatdırılıb ki, qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən və altı azərbaycanlı, o cümlədən dörd polis əməkdaşı və iki mülki şəxsin həlak olması ilə nəticələnən mina terroru aktından sonra Azərbaycan tərəfi öz ərazisində antiterror tədbirləri görməyə məcbur olub. “Politico”, “Firstpost” xəbər portalları da azərbaycanlı polislərin və mülki şəxslərin erməni təxribatı nəticəsində həlak olmasının gərginliyi artırdığını qeyd ediblər.

ABŞ-ın “Barrons” internet nəşri də Ermənistanın Azərbaycan ərazilərində mina terrorundan bəhs edib, o cümlədən son terror aktı nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olduğunu bildirib. Yazıda qeyd olunub ki, sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında gərginlik artır, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri və separatçıların fəallaşdığı müşahidə olunur: “İki müharibənin baş verdiyi Qarabağ ərazisinin böyük hissəsi ermənilər tərəfindən minalanıb və Prezident İlham Əliyev bildirib ki, mina problemi səbəbindən məcburi köçkünlərin 2020-ci ildə işğaldan azad olunmuş bu ərazilərə köçürülməsi prosesi gecikir”.

Hindistanın “The Hindu” qəzetində dərc edilən yazıda qeyd olunub ki, azərbaycanlı polis əməkdaşları və mülki şəxslərin həlak olması bölgədə vəziyyəti daha da gərginləşdirir, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə ciddi zərər verir.

Ukraynanın nüfuzlu  “Ukrinform” dövlət informasiya agentliyi, “Korespondent”, “PolitDumka” və digər xəbər portallarında yayılan məqalələrdə azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, terror aktı ilə əlaqədar Azərbaycan təhlükəsizlik orqanları araşdırmaya başlayıb.

Bildirilir ki, İkinci Qarabağ müharibəsindən sonra basdırılan minaların partlaması nəticəsində həlak olanların ümumi sayı 61 nəfərə çatıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərin minalardan təmizlənməsinin 30 ilə yaxın davam edəcəyini və 25 milyard dollara başa gələcəyini açıqlayıb.

XQ

 

Son xəbərlər