Erməni terror dalğası davam edir

post-img

Bu gün səhər radələrində aldığımız iki pis xəbər bizi həm kədərləndirdi, həm də qəzəbləndirdi. Belə ki, saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki əməkdaşı minaya düşərək həlak olub.

Belə ki, polislər də AAYDA əməkdaşlarının həlak olduğu hadisə yerinə gedərkən digər minaya düşüblər. Onların da çoxu şəhid olub.  Son günlər cəbhə xəttində erməni hərbi hərbi eskalasiyası aydın görünürdü. Siyasətçiləri də tərsə-məzhəb açıqlamalar verirdilər.  Deməli, bu bir daha təsdiq edir ki, Xankəndidəki separatçıların Ermənistandan və dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisindən ilhamlanaraq revanşist bəyanatlarla çıxış etməsi, saxta seçkilər keçirməsi, gorbagor olmuş qondarma Artsaxı diriltməyə çalışması təsadüfü deyil. Düymə bir yerdən basılıb. Əks halda 2020-ci ildə rüsvayçı məğlubiyyətə düçar olan Ermənistan və status söhbətləri ləğv olunan qondarma Artsax silahlıları bu cəsarəti hardan əldə etdilər ? Birgə Bəyanata qol çəkən və son olaraq Praqadan Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyan hakimiyyəti nəyə və kimlərə arxayındır?

Bu gün Azərbaycan Qarabağda genişmiqyaslı tikinti-quruculuq işləri aparır. Oranı bütün mənalarda abadlaşdırır. Buna təbii haqqı var. Çünki bu ərazilər Azərbaycan ərazi bütövlüyünün bir hissəsidir. Erməni separatçıları, Ermənistan rəhbərliyi isə buna hər vəchlə mane olmağa çalışır. Deməli burada daxili işlərinə müdaxilə edilən tək ölkə varsa o da Azərbaycandır. Bu gün yol-inşaat mühəndislərimizə, güc strukturlarımızın əməkdaşlarının ölümünə səbəb olan aktlar törətmək  onu sübut edir ki, Ermənistan Qarabağda dinc həyatın bərqərar olmasında nəinki maraqlı deyil, əksinə öz ənənəvi terror siyasətini davam etdirir. 

Yeri gəlmişkən, Ermənistanın əvvəlki rəsmi dairələrinin uzun müddət "Daşnaksütyun", "Asala", "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər bədnam erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlaması, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratması heç kəsə sir deyil. Onillərdir Ermənistan dövləti, erməni diasporunun revanşist kəsimi terrora külli miqdarda maliyyə ayırır. Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar bu gün belə erməni siyasətçilərin dilindən düşmür və bu istiqamətdə onlar bütün      güclərin səfərbər edirlər.

Tarixən də erməni terrorunun əsas qurbanları Azərbaycan və Türkiyənin dinc əhalisi, dövlət məmurları, diplomatlar, iş adamları olmuşlar. Erməni terroru heç kimə güzəştə getmir, hətta öz millətindən olan sülh, ədalət carçılarına da. Dəfələrlə olub ki, erməni millətindən olan hansısa ictimai fəal, din xadimi daşnak təfəkkürünə qarşı baş qaldırıb, onların haqsız olduğunu dilə gətirib, lakin sonu ölümlə bitib, terror məruz qalıb. Erməni terror təşkilatlarının olduqca geniş maliyyə və silah şəbəkəsinə və gizli siyasi dəstəyə malik olmasını onların törətdiyi vəhşi aktlardan görmək mümkündür. Türkiyə, Fransa, ABŞ, Livan, Rusiya və dünyanın bir sıra ölkələrində  erməni terror təşkilatlarının dəfələrlə türk əsilli diplomatlara, dinc insanlara qarşı terror etməsi dünya ictimaiyyətinə yaxşı məlumdur. Nə qədər Azərbaycan və Türkiyə dövlət xadimləri istər ötən əsrin əvvəllərində, istərsə də sonlarında erməni terrorunun qurbanı olmuşdur. Təsəvvür edirsinizmi, bir neçə il əvvəl Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya edilməsi və dərhal əfv edilməsinə görə bizə qarşı hələ də qara-piyar aparan erməni mətbuatı, erməni siyasətçiləri özlərinin terror keçmişini dilə gətirmək belə istəmirlər. Halbuki İrəvanın mərkəzində yerləşən Erablur qəbiristanlığında Azərbaycan hərbiçiləri tərəfindən məhv edilən Monte Melkonyan kimi beynəlxalq terroristə heykəl qoyulmuşdur. Üstəlik Avropa ölkələrində terror törədərək Ermənistana qaçmış cinayətkar ünsürlər hələ də azadlıqda qəhrəman kimi dolaşmaqdadır. Onlara “gözün üstə qaşın var” deyən də yoxdur. 

Bir sözlə, 100 ildən çoxdur ki, “Armenakan”, “Daşnaksütyun”, “Qnçak”, “Erməni gizli azadlıq ordusu" və nəhayət aktivində yüzlərlə fərdi və kütləvi qətliam aktı olan “ASALA” kimi terror tarixi olan Ermənistan yenə də öz ampluasındadır. Haqsız iddialarını Azərbaycanla qarşı-qarşıya gələrək həyata keçirə bilməyəcəyini dərindən anlayan erməni separatçı ünsürləri yenə də tarixlərinə xas üsullarla mübarizə aparmağa üstünlük verirlər.  Son baş verənlər bir daha onu təsdiqləyir ki, atalar məsələmizdə deyildiyi ki, itlə dostluq et, amma çomağı yerə qoyma. Yəni sülh istəsək də, hətta bunun üçün gərəkən hər şey etsək də, erməni məkrinə qarşı hər zaman ayıq, əli tətikdə olmağı unutmamalıyıq!

Anar TURAN
XQ

Son xəbərlər