Özbəkistanda Şuşa markası

post-img

Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə “Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti” adlı xüsusi poçt markası buraxılıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Özbəkistanın müvafiq dövlət qurum­larının dəstəyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markasının Özbə­kistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.

Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağı, Qarabağın tacı olan Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, əslən şuşalı olan Azərbaycanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, milli musiqi alətlərimiz (qaval, tar, kaman), Qarabağın, Şuşanın və qazanılan Zəfərin rəmzi olan “Xarıbülbül” çiçəyi təsvir olunub.

Qeyd edək ki, Daşkənddə və Bakı­da təqdimat mərasimlərinin keçiriləcəyi poçt markası hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə, eləcə də muzeylərinə göndəriləcək.

Xatırladaq ki, TÜRKSOY tərəfin­dən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Heydər Əliyev adı­na Azərbaycan Mədəniyyət Mərkəzi bir neçə layihə həyata keçirib. Bu la­yihələrə “Şuşa günləri” (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, iki ölkənin Mədəniyyət nazirlikləri ilə bir­gə) tədbiri, “Wikipedia”da özbək dilində Şuşa haqqında bölmələrin yaradılması, Özbəkistan KİV nümayəndələrinin Qa­rabağa – Şuşaya media-turlarının təş­kil edilməsi daxil olub. Yaxın zamanda isə bir neçə dildə Şuşaya həsr olunmuş ensiklopedik kitab çap ediləcək.

Qulu KAZIMOV,
XQ-nin xüsusi müxbiri

Son xəbərlər