Elm və Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 18 adda 21 min 402 nüsxə dərslik göndərib. Dərsliklər dünən Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, ana dili və ədəbiyyat dərsliklərinin mübadiləsi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında həyata keçirilir. Son 5 ildə nazirlik tərəfindən 105 min 913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xondolişvili Azərbaycanın bu yardımını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gürcüstandakı azərbaycandilli məktəblərin bu cür dərsliklərlə təmin olunması məktəblilərin öz ana dillərinə marağının artmasında və onların daha savadlı vətəndaş kimi böyümələrində mühüm rol oynayacaq.
XQ

