Milli Məclisin Sədri Sahibə Qafarova Bolqarıstana səfəri çərçivəsində bu ölkənin Prezidenti Rumen Radevlə görüşüb.
Prezident Azərbaycan və Bolqarıstanın, sadəcə, strateji tərəfdaş ölkələr olmadığını, həm də dövlətlərimiz arasında yüksək səviyyəli siyasi dialoqun müntəzəm xarakter daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, regionlarımızın sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri də oxşardır.
Prezident Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edib. Bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb. Strateji tərəfdaşlıq münasibətləri yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur.
“Həmrəylik Halqası – STRİNG” layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən R.Radev, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasını da bu sahədə uğurlu əməkdaşlığın göstəricisi olduğunu qeyd edib. O, həmçinin ölkələrimiz arasında “yaşıl enerji” sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Sədri Sahibə Qafarova, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, Azərbaycan ilə Bolqarıstan parlamentləri arasında əməkdaşlıqdan da söhbət açaraq qeyd edib ki, qarşılıqlı səfərlər iki ölkə parlamentləri arasındakı münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən qondarma rejimin “prezident seçkiləri”nin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edib.
Parlamentin Sədri Azərbaycan və Bolqarıstan xalqları arasında humanitar əlaqələrin zəngin tarixə malik olduğunu, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyni vurğulayıb.
***
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Azərbaycanın və Türkiyənin Bolqarıstandakı səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə, həmçinin Bolqarıstan Milli Assambleyasının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
***
Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 13-də Budapeşt şəhərinə işgüzar səfərə gedib.
S.Qafarova səfər çərçivəsində V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak edəcək. Görüşdə parlament sədrinin çıxışı nəzərdə tutulub.
Ə.BƏDƏLOV
XQ

