“Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə işi davam etdiririk”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir: “Biz beynəlxalq tərəfdaşlarımızı səylərini ikiqat artırmağa, Ermənistana və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək onların səmərəsiz strategiyasıdır”.
***
"Bu cür lobbizm, “pul danışıqları”, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Utancvericidir!".
“X” hesabında paylaşdığı bu fikirləri isə Prezidentinin köməkçisi ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendezə cavab olaraq yazıb.
Onun sözlərinə görə, Bob Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, ABŞ Senatının Xarici əlaqələr komitəsinə yalan məlumat verir və saxta şəkillərlə yalan danışır: "Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu aşkar yalandan istifadə etməkdən utanırlar".
XQ

