BMT-nin ali komissarı Azərbaycanın mövqeyi barədə məlumatlandırılıb
Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ilə görüşüb.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin insan hüquqları mexanizmləri ilə konstruktiv dialoq və qarşılıqlı etimad çərçivəsində fəal şəkildə əməkdaşlıq etdiyini bildirib. İnsan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini vurğulayıb.
Regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdıran nazir Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarından söz açıb.
Görüşdə 30 ilə yaxın işğal dövründə Ermənistanın müharibə və insanlığa qarşı cinayətlər törətdiyi, o cümlədən etnik təmizləmələr həyata keçirdiyi qeyd olunub.
Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassız olduğu, Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlarının, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına törədilən maneçiliklərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin hələ də çıxarılmamasının sülhə və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minanın günahsız insanların həyatına son qoymaqda davam etdiyini bildirib.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında iştirak və çıxış edib.
Çıxışda Azərbaycan və BMT İnsan Hüquqları Şurası arasında əməkdaşlıq, ölkəmiz tərəfindən milli və beynəlxalq səviyyədə insan hüquqları sahəsində görülmüş işlər, habelə postmünaqişə dövründə insan hüquqlarının qorunması sahəsində mövcud çağırışlar barədə ətraflı məlumat verilib.
Nazir Ceyhun Bayramov, ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn hüquqların qorunmasına sadiq şəkildə bu sahədə fəaliyyət göstərən qurumlarla aktiv dialoqu, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının fəaliyyətinə töhfə verilməsini davam etdirdiyini bildirib. Azərbaycan tərəfindən milli səviyyədə bu sahədə aparılan islahatlar, o cümlədən qanunvericilik bazasının inkişafı, siyasi partiyalarla dialoqun möhkəmləndirilməsi, medianın inkişafına dəstək, fiziki məhdudiyyətləri olan şəxslər üçün şəraitin yaxşılaşdırılması, qadın və gənclərin səlahiyyətlərinin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması üçün görülən işlər barədə ətraflı məlumat verilib.
İnsan hüquqları sahəsində milli və beynəlxalq səviyyədə görülən işlərə baxmayaraq, bu istiqamətdə fəaliyyət göstərən qurumların mandat sahibləri tərəfindən müvafiq dövlətlərin mövqeyini və bölgədə mövcud faktlar və reallıqları nəzərə almayan ittihamlar irəli sürülməsinin məyusluq doğurduğu, bu kimi instansiyaların nüfuzunu və onlara olan inamı sarsıtdığı, bu xüsusda sözügedən pozuntuların aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov münaqişənin bitməsinə baxmayaraq bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin qarşısında bir sıra çağırışların, o cümlədən Ermənistan tərəfindən hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsi, müharibə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatların bugünədək verilməməsi, 1987-1991-ci illər arasında indiki Ermənistan ərazilərində etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların hüquqlarının inkar olunması, Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin manipulyasiya edilməsi ilə reinteqrasiya səylərinə zərbə vurulmasının dayandığını vurğulayıb.
Çıxış zamanı, həmçinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün yaranmış tarixi imkanın itirilməməsi məqsədilə beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinin hər zamankından daha müstəsna əhəmiyyət kəsb etdiyi bildirilib.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Cenevrə Universitetinin Qlobal Araşdırmalar İnstitutu ilə birgə “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusundakı dəyirmi masada çıxış edib.
Nazir ölkəmizin xarici siyasət prioritetləri, qonşu ölkələrlə əlaqələrin perspektivləri, mövcud regional təhlükəsizlik məsələləri, çağırışlar və imkanlar barədə danışıb.
Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlədən baş verən regional proseslərin əlaqəliliyindən bəhs edən nazir Ceyhun Bayramov son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalar çərçivəsində münasibətlərin inkişafında intensivliyin müşahidə olunduğunu bildirib.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyyətli açıqlamalar səsləndirməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramovun BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) aparıcı media qurumları üçün brifinqi təşkil olunub.
Brifinqdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət gündəliyində duran aktual məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları ətraflı məlumatlandırıb, jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
XQ


