Xislətinə uyğun müşahidəçiləri təzyiq altında saxta məlumat verməklə Avropa İttifaqını oyuncaq quruma çevirən rəsmi İrəvanın bu dəfə BMT Təhlükəsizlik Şurasında növbəti şou yaratmaq cəhdi uğursuzluqla nəticələndi.
Ermənistanın xarici işlər nazirinin ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirləri marionet ölkənin növbəti beynəlxalq fiaskosu ilə yadda qaldı.
Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O bildirib ki, Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində Ararat Mirzoyan ölkəmizi humanitar fəlakət yaratmaqda və bunun fonunda Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan məlumatları ermənisayağı xüsusi bir yazıqlıqla qeyd etdi. Əvvəla, Mirzoyanın çıxışı tam böhtan və yalan üzərində idi. İkincisi, humanitar fəlakət təkcə Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, Ermənistanın bütün yaşayış yerlərində hakimdir.
İşsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması fəlakət deyilmi?
Dəhşətli statistika onu göstərir ki, hökm sürən bu ağır durumdan vətəndaşlar Ermənistanı kütləvi şəkildə tərk edir və bu proses hazırda daha geniş miqyas alıb.
Sual yaranır: bunları da Azərbaycan yaradır? Qurumaqda olan gölə bənzəyən Ermənistanın siyasi rəhbərliyi bütün uğursuzluqlardan çıxış yolu kimi Azərbaycanı ittiham edir, xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqla özünə bəraət qazanmaq istəyir.
Bölgədə davamlı sülhün əldə olunması istiqamətində Ermənistanın destruktiv addımlarında da bu amil açıq şəkildə özünü göstərir.
Bu baxımdan, Ermənistanın sülh gündəliyinə sadiq olmaması və beynəlxalq tribunalarda Azərbaycanı şantaj etməsi BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə daha qabarıq görünürdü.
Azərbaycan tərəfinin tutarlı və dəqiq arqumentləri Ermənistanın “humanitar böhran”, “blokada” altında növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı.
Deputat sonda qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında Laçın-Xankəndi yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirələrdə növbəti dəfə Ermənistan “yıxıldı” və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə bitdi.
Beləliklə, Vətən müharibəsində olduğu kimi, diplomatik masada da qalib Prezident İlham Əliyevin lideri olduğu Azərbaycandır.
Cənab İlham Əliyevin beynəlxalq münasibətlər sistemində yürütdüyü mükəmməl siyasi kurs ölkəmizin diplomatik uğurunun təminatına çevrilib.
Bu təminatla Azərbaycanın beynəlxalq aləmdə üstün mövqeyi ilə seçilir, ölkəmizin qlobal nüfuzu gündən-günə artır.

