FHN-nin yanğına qarşı təlimi

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25T ünvanında yerləşən “Elnet” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib.

Təlim zamanı şəxsi nəq­liyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomo­billərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəy­yən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndür­mə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləş­dirilmədiyi, qəza-işıqlandırma sistemi­nin olmadığı və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermə­diyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış binasının yanğın təhlükəsizliyinə məsul şəxslə­rinə şifahi və yazılı “tapşırıqlar” veri­lib, eyni zamanda binanın sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparı­lıb.

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnika­ların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effekt­li keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avto­mobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, di­gər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

S.RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər