DSX: BQXK-yə aid nəqliyyat vasitələrində qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb

post-img

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Mətbuat mərkəzindən bildirilib ki, lakin ötən müddət ərzində DSX-nin əmək­daşları tərəfindən BQXK-yə aid nəq­liyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçiril­məsi cəhdləri aşkarlanıb. Belə ki:

01.07.2023-cü il tarixdə saat 16:41 radələrində Ermənistandan Azərbay­cana gələn Ermənistan vətəndaşı 17.06.1976-ci il təvəllüdlü Hartunyan Garikin (pasport: AT0573343) idarə etdi­yi Reno markalı 35VX480 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq sax­lanılıb.

03.07.2023-cü il tarixdə saat 15:52 radələrində Ermənistandan Azər­baycana gələn Ermənistan vətən­daşı 12.04.1977-ci il təvəllüdlü Gri­goryan Vrezhin idarə etdiyi (pasport: AU040291) Uaz markalı 768UU22 nömrə nişanlı nəqliyyat vasitəsinin sa­lonunda bəyan olunmamış halda əl yüklərin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqa­nı sərhəd naryadı tərəfindən aşkar olu­naraq saxlanılıb.

05.07.2023-cü il tarixdə saat 16:10 radələrində Ermənistandan Azərbay­cana gələn Ermənistan vətəndaşı 26.04.1981-ci il təvəllüdlü Harutyunyan Sasunun (pasport: AU0219416) idarə etdiyi İveco markalı 711FF11 nömrə ni­şanlı yük nəqliyyat vasitəsinin salonun­da 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 lt benzin aşkar olunaraq saxlanılıb. 

05.07.2023-cü il tarixdə saat 16:54 radələrində Ermənistandan Azərbay­cana gələn Ermənistan vətəndaşı 04.12.1959-cu il təvəllüdlü Musaielian Vakifin (pasport: AU031091) idarə etdi­yi DAF markalı 37FF609 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yana­caq çənindən gizlədilmiş 1000 lt benzin aşkar olunaraq saxlanılıb. 

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə bax­mayaraq, qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. 

BQXK-yə məxsus olan və tibbi təx­liyə həyata keçirən nəqliyyat vasitələ­rindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkə­mizin humanitar təşkilat olan BQXK-yə olan etimadından sui-istifadə olunması­dır. 

Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələ­ri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqə­sindən keçid müvəqqəti olaraq dayan­dırılıb. 

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilib.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər