Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.
Nümayəndə heyəti öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün büstünü ziyarət edərək əziz xatirələrini ehtiramla yad ediblər.
Qonaqlar Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Tədbir iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoyublar.
Səfər çərçivəsində Türkiyədən olan nümayəndə heyəti ilə Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib. Görüş zamanı Naxçıvanda aparılan kompleks islahatlar, yenidənqurma işləri barədə ərtaflı müzakirə aparılıb.
Sonra “Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
Baş prokuror Kamran Əliyev ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Baş prokuror bildirib ki, hazırda Ermənistan Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir. Onun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülməsi böyük cinayətdir. Zavod fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında konfransın əhəmiyyətindən bəhs edib.
Həmçinin, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən, digər qonaqlar çıxışlar ediblər.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



